YANVAR

ÜMUMXALQ HÜZN GÜNÜDÜR
20 yanvar hadisələrinə xaricdən baxış

“Azərbaycan” qəzeti,  23 yanvar 2001-ci il,  N-17, S-4

1990-cı ilin Qanlı Yanvarından on bir il keçir. Azərbaycandan kənarda Qanlı Yanvar hadisələrinə münasibət neçə oldu? AzərTAC-ın ABŞ-dakı xüsusi müxbirinin o dövrün mətbuatı və qısa müsahibələr əsasında hazırladığı material bu barədədir.

"Nyu-York tayms" qəzeti (1990-cı il 20 yanvar): "Cənub respublikasından həyəcanlı xəbərlərin gəlməsinə baxmayaraq, Moskvada təşviş hiss olunmur.

Texas ştatını təmsil edən demokrat senator Lloyd Bensten bildirmişdir ki, sovet diplomatı ilə ticarət müzakirələri apararkən, o, üsyançı bölgəni nəzarət altına alacaqlarını və qayda-qanunu bərpa edəcəklərini qətiyyətlə söyləmişdir.

Mixail Qorbaçov televiziya ilə müraciətində Bakıda cinayətkar ekstremistlərin baş qaldırdığını demişdir. Onun sözlərinə görə, hökumət məcburiyyət qarşısında güc tətbiq edir, dövlətin aqibəti və vətəndaşları naminə bütün vasitələrə əl atılacaq: "Bəziləri elə hesab edir ki, məsələlər Kaşpirovskinin seanslarındakı kimi həll olunur, amma cəmiyyət belə asanlıqla müalicə edilmir. Millətlərarası münasibətlərdə gərginliyi aradan qaldırmaq üçün bütün vasitələrə əl atılacaq".

Svante Kornell (Uppsala Universitetinin tədqiqatçısı, İsveçrə, 2000-ci il, yanvar); "O dövrdə Azərbaycan haqqında, demək olar ki məlumat yox idi. Onu bilirdik ki, SSSR-nin bir hissəsidir. 90-cı ilin qara Yanvarında baş verənləri sovet totalitar rejiminin xalqı azadlıq uğrunda mübarizədən çəkindirmək məqsədi ilə həyata keçirdiyi daha bir təzyiq kimi qiymətləndirdik. Hadisələrin bu cür inkişafına təəccüblənmirdik, çünki 87-ci və 89-cu illərdə Alma-Ata və Tbilisidə baş verən zorakılıqların siyahısına Bakı da əlavə olundu. Təəssüf ki, məlumat qıtlığı üzündən məsələnin mahiyyətinə çox az adam vardı. İndi tarixi faktlara nəzər yetirəndə bir nəticəyə gəlirəm: ən əhəmiyyətli respublikalardan biri olan Azərbaycanda milli hərəkatın baş qaldırması, Moskvanı SSRİ imperiyasının ömrünün bitməsi həqiqəti ilə üz-üzə qoydu. Qəddar üslublara əl atsalar da, tarixin çərxi-fələyini döndərə bilmədilər".

Amerika qəzetləri yazırdı ki, sovet ictimaiyyətinə həqiqət olduğu kimi çatdırılmır. Xarici müxbirlərin hadisələrin cərəyanından kənarda saxlanılması təhlükəsizlik məqsədləri ilə izah olunurdusa, qaynar nöqtələrə gedən yerli müxbirlər döyülür, təzyiq və təhqirlərə məruz qalırdılar.

Nyu-York tayms (1990-cı il, 21 yanvar) "Vremya" proqramının xəbərlər redaktoru iş prosesinin maneələrlə dolu olduğunu bildirir: "Həqiqətləri öyrənməkdə çətinlik çəkirik. Elə bil ki, Azərbaycan yox, Livan və Əfqanıstan haqqında xəbər yayırıq. Televiziya müxbiri çəkdiyi videomaterialları Stepanakertdən Moskvaya ötürə bilmir. Efirə onun səsi və CWS Nyus-dan aldığımız videomateriallarla çıxırıq". CWS-nin Moskva müxbiri məlumatın haradan gəldiyini açıqlamır. Tək onu qeyd edir ki, videomateriallar müxtəlif yollarla - hərdən Londondan, Amerikadan çatır".

Amerika mətbuatı SİTA-nın xəbərlərinə əsaslanaraq materiallar çap edirdi. Lakin Bakıya açılan telefonlar rəsmi xəbərlərin tam əksini təsdiqləyirdi.

Xalq hərəkatı liderlərindən Yusif Səmədoğlu bildirir ki, "Bakıda günahsız insanlara atəş açırlar, qadınları, uşaqları öldürürlər. İmperiya soyqırım siyasətini həyata keçirir..." hadisələri uzaqgörənliklə şərh edən Amerika jurnalisti, CNN kanalının icmalçısı Robert Novak yazırdı: "Ordunu üsyançıların üstünə göndərən Qorbaçov tökülən qan haqqında heç narahat olmur. Məsləhətçisi DTK-nın başçısı Vladimir Kryuçkovdur. ABŞ hökumətinin nümayəndəsi deyir ki, Kryuçkov üsyançıları sakitləşdirməkdə əsl mütəxəssisdir. Belə nəticəyə gəlmək olar ki, azərbaycanlıların qırğına məruz qalması, Baltik respublikalarına xəbərdarlıqdır: baxın, yoxsa sizi də həmin aqibət gözləyir. Zənnimcə, əksinə, Qafqaz böhranının qarşısını Qorbaçovun vaxtında ala bilməməsi, Baltik liderlərinin müstəqillik qazanmaq istiqamətində daha sürətlə addımlayacaqlarına əsas verir".

Stasis Sakalauskas (Litvanın ABŞ-dakı səfiri):

"Vilnüsdə baş verənlər dəhşətli hadisələr idi. Bakı qırğınından sonra özümüzə, belə demək olarsa, dərs götürmüşdük. Bakı hadisələri haqqında həqiqətlərin dünyaya çatdırılmasında əsas fərq ondan ibarət idi ki, Vilnüsdə baş verənləri dünya gördü, eşitdi. Çəkilən videomateriallar hər yerdə nümayiş etdirildi. Bakının Qara Yanvar hadisələri zamanı isə, sovet totalitar rejimi, təəssüf ki, haqq-ədalətin boğulmasına nail oldu".

Pol Qobl ("Azadlıq" radiosu informasiya şöbəsinin müdiri):

"Azərbaycan haqqında məlumat qıtlığı üzündən ABŞ məsələyə münasibət bildirməkdə çətinlik çəkirdi. Baş verənlərə qərəzli Rusiya xəbərləri vasitəsilə nəzər salırdıq. Sovet hökuməti zorakılığın ekstremist qüvvələrin sakitləşdirilməsi üçün tətbiq olunduğunu deyirdi. Hər dövlətin bu addımı atmağa hüququ çatdığından, Qərbdə bu fərziyyə qəbul olundu. Çox az adam həqiqəti anladı ki, Mixail Qorbaçov ittifaqı saxlamaq məqsədi ilə hətta zorakılığa da əl atar. O zaman mən Dövlət Departamentində SSRİ-nin qeyri-Rusiya hissəsi üzrə yeganə mütəxəssisi idim. İnanılmaz olsa da, doğrudur".

"Vaşinqton post" (1990-cı il 20 Yanvar): Hökumətin yüksək səviyyəli şəxslərindən biri baş verənlərə belə münasibət bildirmişdir: "Qorbaçovun güc tətbiq etməsi nəticə vermədi. O, zorakılığın daha yüksək mərhələsinə əl atdı, lakin bunun da səmərəli olmayacağını düşünürük. Sovet liderinin qayda-qanunu bərpa etmək istəyini anlayırıq, amma oralarda əslində nələrin baş verdiyindən xəbərsizik".

"Nyu-York tayms" (1990-cı il, 26 yanvar): "Bu həftə siyasi meydanda yenidən ön plana çıxan Heydər Əliyev Moskvada baş verənlərlə bağlı mülahizələri ilə bölüşərək, Qorbaçovun güc tətbiq etmək qərarını pisləmişdir. Cənab Əliyev bildirmişdir ki, Bakıya silahlı qüvvələrin yeridilməsindən əvvəl yaranan vəziyyət nə yenidənqurmaya, nə də Qorbaçova təhlükə yaradırdı. Bu, son illər inkişaf etmiş xalq hərəkatı idi. Heydər Əliyevin tənqidlə çıxış etməsi istefaya getmiş liderlərin, adətən, susmağa üstünlük verməsi fonunda qeyri-adi görünürdü. Sabiq rəhbər qeyd etmişdir ki, Qorbaçov və onun Kremldəki silahdaşları Xalq Cəbhəsi ilə danışıqlara başlamışdır. "Onlar müzakirəyə lazımi qədər vaxt ayıraraq, vəziyyətin bu dərəcəyə çatdırılmasına yol verməməli idilər. Etnik siyasətdə ciddi səhvlərə yol verilib. Qarətlərdən danışırsınızsa, bu, iki il əvvəl erməni ekstremistləri tərəfindən Dağlıq Qarabağda azərbaycanlıların öldürülməsi və onların yurd-yuvalarından didərgin salınması ilə başlayıb". Qeyd etmək lazımdır ki, Heydər Əliyev Siyasi Büroda olduğu müddətdə heç də Qorbaçovu dəstəkləyənlər sırasına daxil deyildi. Sabiq Siyasi Büro üzvünü nəzərləri ilə yola salan bir cavan oğlan müxbirin sualına belə cavab verir: "Əliyev? Sizə deyim ki, mən Ermənistanda yaşayanda onun haqqında tənqidlə yazırdılar, demək o, düzgün addımlar atırdı". Korrupsiyaya qarşı apardığı mübarizə ilə tanınan cənab Əliyev iki ildir siyasi aləmdən təcrid olunduğunu bildirir. O deyir ki, bu müddət ərzində nə Moskvadan, nə də Azərbaycandan heç kim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ondan heç bir məsləhət almayıbdır. Sovet lideri deyir ki, o, Azərbaycandakı vəziyyəti hamıdan yaxşı bilib və bilir".

Şəfəq AKİFQIZI,

AzərTAç-ın xüsusi müxbiri Vaşinqton