Xalq şairi Bəxtiyar Vahabzadə: "Sessiya çağırmaq şəxsi təşəbbüsüm idi"

“Respublika” qəzeti, 18 yanvar 1997-ci il,  N 5, s-2

"Respublika" qəzetinin əməkdaşı Alxan Bayramoğlu "Şənbə keçəsinə gedən yol" kitabının müəllifi, xalq şairi Bəxtiyar Vahabzadə ilə görüşüb ondan 1990-cı ilin sarsıntılı yanvar günlərində Bakıda olan ictimai-siyasi durum barədə öz fikrini söyləməyi xahiş etmişdir. Həmin söhbəti oxuculara təqdim edirik.

— Bəxtiyar müəllim, neçə bilirsiniz, 1990-cı ilin "şənbə keçəsi" zəruri idimi?

— Mən o barədə bir kitab da yazmışam. - "Şənbə keçəsinə gedən yol". Əslinə baxsan, mən siyasətçi deyiləm. Amma belə şeyi zəruri hesab eləmirəm. Düzdür, Xalq Cəbhəsi fəaliyyətdə idi, milli azadlıq hərəkatı var idi, milli azadlıq duyğuları yetişmiş, cavanlarımız milli şüura çatmışdılar, amma bütün bunlar "Şənbə gecəsi"ni zəruri hesab etməyə əsas vermirdi.

— Bəs hadisələrin içində olan adam kimi, şənbə gecəsinin törənməsinin obyektiv və subyektiv səbəbləri barədə nə deyə bilərsiniz?

- Hə, amma mən hiss eləyirdim ki, cavanların hərəkətləri - yolları avtobus, trolleybus, hətta "Moskviç" maşınları ilə kəsərək "barrikadalar" qurmağa çalışmaları yaxşı nəticə verməyəcək. Onlar bu əməlləri ilə rus qoşununun və ya tankların qabağını kəsmək əvəzinə imperiyanın əlilə üstümüzə qoşun yeritmək üçün dəstəvuz verirdi. Bu barədə həmin günlərdə Aeroport yolunun bəri başında, dördyolun yaxınlığında yola "Moskviç", avtobus qoyan cavanlara da dedim. Cavab verdilər ki, müəllim, bunlar senlik deyil, öz yolunla get... Odur ki, qoşunun yeridilə biləcəyini hiss eləyirdik. O günlərdə ermənilər silahlandırılırdı. Amma bizdəki ov tüfəngləri də yığışdırılırdı. Mən hələ o vaxt, - 90-cı il yanvarın 10-15-i arası gördüklərimin təsiri altında yazdığım şerin bir yerində deyirdim:

Mərkəz dəyişdirir gündə rəngini

Mərkəz məni görür, heç onu görmür.

Bizdən yığışdırıb quş tüfəngini

Amma erməninin tolunu görmür.

Bütün bunlar bizə əsas verirdi ki, imperiyanın Azərbaycana qarşı məkrli bir plan hazırlaması qənaətinə gələk. Amma yuxarıda dediyim hərəkətlərlə imperiyanın əlinə biz də bəhanə verdik ki, Bakıya qoşun yeritsin. Etirazımızı başqa şəkildə də edə bilərdik, amma belə oldu...

Təhlükə hiss elədiyimizə görə bir qrup ziyalı - rəhmətlik İsmayıl Şıxlı, mən, Nurəddin Rzayev, Şeyx Allahşükür Paşazadə və Həsən Həsənov yanvarın 17-də Ə.Vəzirovun yanına getdik. Kabinetə girəndə Primakovla Girenkonu da orada gördük. Mən dərhal Primakovun üstünə hücum çəkdim ki, bizdən nə istəyirsiz, niyə əl çəkmirsiz? Sizə nə pisliyimiz keçib?

Bunu görən Vəzirov qalxıb məni quçaqlayıb sakitləşdirməyə çalışdı. Bu zaman Şeyx məndən də kəskin şəkildə Primakova hücum çəkdi. Onda Primakov qayıtdı ki, axı biz dost idik. İki ay bundan əvvəl evində məni qonaq etmişdin. İndi sənindəmi üzün döndü? Şeyx cavabında dedi, onda qonaq kimi gəlmişdin, əzizim idin, amma indi hiss edirəm ki, xoş niyyətlə gəlməmisən. Xalqıma qarşı təhlükə olan yerdə mən heç kəsi tanımıram. Düzünü de görüm, qırğın olacaq, ya yox? Onlar bizi sakitləşdirməyə çalışdılar ki, qırğın olmayacaq. Ancaq o Vəzirov ki, deyir, mənim xəbərim yoxdur, yalan deyir. Primakovgil bir həftə əvvəl Bakıya gəlmişdilər. Vəzirov da bilirdi ki, şəhərə hücum olacaq. Bunu biz də hiss etdiyimiz üçün kabinetdən çıxanda H.Həsənov dedi ki, qırğın olacaq. Şeyx də o fikirdə olduğunu bildirdi.

Odur ki, oradan, Həsəndən başqa, biz dörd nəfər Xalq Cəbhəsinin qərargahına getdik. Orada Nəcəf Nəcəfovu tapıb gəlişimizin səbəbini, qırğın təhlükəsindən qorxduğumuzu söylədik. Nəcəf bizi arxayın etdi ki, qırğın olmayacaq. Çölə çıxanda mənim qoluma girib dedi, Bəxtiyar müəllim, 9 aprel Tiflis qırğınından sonra rusların başı daşa bərk dəyib. Onlar bu hadisənin qorxusundan Bakıya qoşun yeridə bilməzlər. Düzü, Nəcəfin bu məntiqi mənim də beynimə batdı.

- Bəxtiyar müəllim, o zaman qırğın törədilib-törədilməyəcəyi barədə camaat da təşviş və narahatlıq keçirir, hökumətə bu sualla çoxsaylı müraciətlər olurdu. Onda Azərbaycan KP MK-nın ideoloji işlər üzrə katibi Əfrand Daşdəmirov radio və televiziya ilə xalqa bildirdi ki, heç bir qırğın olmayacaq. Belə çıxır ki, o zamankı yerli hakimlər imperiya qüvvələri ilə əlbir olub camaatın başının altına yastıq qoyub, onlar uçun qırğın hazırlayırmışlar.

- Bu işlər hakimiyyətdə olanların əli ilə olub. Hər birinin nə qədər günahı varsa, onu bir Allah bilir.

- Yanvarın 13-də Xalq Cəbhəsi tərəfindən Milli Müdafiə Komitəsi yaradılmasını nə dərəcədə məqsədəuyğun hesab edirsiniz? Orada Nemət Pənahov çıxışında bildirdi ki, lazım gəlsə, döyüşmək uçun silahımızda var. O, silah götürəcəkləri mənbələri də sadaladı. Mənə məlumdur ki, bu çıxışdan sonra polis orqanlarında, həbsxanalarda, hərbi hissələrdə, hərbi komissarlıqlarda çalışan azərbaycanlıların hamısını tərksilah edib bütün işlərdən kənarlaşdırmışdılar. Bu işlərin səbəbini onlar "şənbə keçəsi"ndən sonra bildilər. Onuda deyim ki, MMK-si yaradılması xəbərindən və N.Pənahovun çıxışından sonra sanki meydandakı camaatın üstünə su ələndi. Hamı sükuta daldı və pıçıltı ilə bir-birlərinə dedilər ki, qırğın olacaq. Neçə bilirsiniz, N.Pənahovun o çıxışı düşünülmüş çıxış idi, yoxsa emosiyadan irəli gəlirdi?

- Məncə, bu, arının yuvasına çöp uzatmaq idi. Lazım deyildi. O meydanda olan çıxışların bir qismi artıq idi. Mən emosiyalı çıxışları nəzərdə tuturam. Mənim özüm də emosional adamam. Ancaq siyasət emosiyanı sevmir. Siyasətdə ağıl gərəkdi. Bilirsən, düşmən çox hiyləgərdir. Ona görə siyasətdə eyforiya olmaz...

Şənbə keçəsinin səhərisi indiki Prezident Aparatı binasının qabağındakı mitinqdə çıxış edib partbiletimə tüpürərək atdım. Həmin anlarda içimdə sanki soyuq külək əsirdi...

Ordan telestudiyaya gəldim. İstədim deputatları yığıb sessiya çağıram. Pilləkənləri çıxanda dedilər ki, televiziyanın enerji blokunu partladıblar. Gedib oranı görəndə "şənbə keçəsi"ndəki qırğının şahidi olarkən keçə evdə ağladığım kimi hönkürdüm... Çölə çıxanda həyətdə bir neçə adamın əhatəsində bir rus generalı gördüm.

- General Dubinyakımı?

- Kim idisə, bilmədim. Şığıyıb onun üzünə tüpürdüm ki, bu xalqdan nə istəyirsiz? Niyə başımıza bu çur müsibətlər açırsız? O, əvvəl duruxdu, sonra əlini tapançasına aparıb məni vurmaq istədi. Rejissor Nazim Abbasov onun əlini tutub mənim kimliyimi ona söylədi...

Məni maşına oturdub radioya gətirdilər. Oradan deputatlara müraciət edib sessiya çağırdım.

- Sessiya çağırmaq şəxsi təşəbbüsünüz idi, yoxsa bu haqda kimlərləsə məsləhətləşmişdiniz?

- Heç kəslə məsləhətləşməmişdim. Sessiya çağırmaq şəxsi təşəbbüsüm idi. Oradan evə gəlib "Azadlıq" radiostansiyasına - mirzə Xəzərə zəng edib əhvalatı danışıb, bu hadisəni dünyaya yaymasını xahiş etdim. Sağ olsun, o vaxt Mirzə Xəzər səsimizin dünyaya çatmasında bizə çox kömək etdi.

- Mirzə Xəzər tək sizin yox, ona zəng vurub qırğınla bağlı müəyyən məlumat verən çox adamın səsini dünyaya yayırdı.

- Bəli. Səhəri gün bütün deputatlar gəldilər. Saat 10-da sessiya başlandı. Elmira Qafarova dedi ki, mən sessiyanı apara bilmərəm. Onun imzası ilə o zaman dəhşətli bir etiraz notası yaymışdıq.

Bu etiraz tez-tez radioda da səslənirdi. O, çox qorxurdu. Dedim, onda çəkil kənara. Sessiyanı özüm açdım. Sonra gördüm bu işdə təcrübəm yoxdu, rəhmətlik İsmayıl Şıxlını köməyə çağırdım. O, sessiyanı axıradək idarə etdi. Yaxşı da qərarlar qəbul etdik...

Həmin keçə saat 2-də E.Qafarovanın kabinetindən zəng edib Çingiz Aytmatov və Oljas Süleymenovla danışıb əhvalatı bildirdim və onları Bakıya çağırdım. Çingiz gəlmədi. Amma Oljas dedi ki, xəstə olsam da gələcəyəm. Doğrudan da, o gəldi. Xəstə idi. İki gün Bakıda yatandan sonra qırğın yerlərinə və Şəhidlər Xiyabanına baş çəkdi... O zaman Oljasın bizə çox köməyi dəydi.

- Bəxtiyar müəllim, sizcə, o zaman Azərbaycana qüvvətli bir adam rəhbərlik etsə idi, bu qırğın törəyərdimi?

- Məncə, yox. Bilirsən, ay oğul, milli qanı olan adam, qüvvətli şəxsiyyət olan, vəzifə stolundan qorxmayan adam belə bir işə qətiyyən qol qoymazdı Ermənilər bu işə çoxdan hazırlaşmışdılar. Onlar Qorbaçovun əli ilə Heydər Əliyevin hakimiyyətdən uzaqlaşdırılmasına nail olan kimi daha da fəallaşdılar. Əgər o zaman Heydər Əliyev Azərbaycanda rəhbər olsaydı, bu qırğın olmazdı. Heç kəs belə bir işə cəsarət etməzdi. Yeri gəlmişkən, mən Türkiyədə müalicə olunarkən ölkə prezidenti Süleyman Dəmirəl cənabları tərəfindən qəbul edildim. Onda Lissabonda olan hadisələrin çoxundan xəbərim yox idi. Bu barədə Süleyman Dəmirəldən soruşdum. O, Heydər Əliyevin Lissabonda gördüyü işlərdən, neçə bir çeviklik və cəsarətlə diplomatik gedişlər edərək 52 dövlətin dəstəyini almağa nail olmasından danışıb dedi ki, Heydər Əliyevin qədrini bilin.

- Xalq hərəkatının ilk dövründə meydanda İsmayıl Şıxlı, Siz, Anar, Yusif Səmədoğlu və başqaları kimi sözükeçən, xalq tərəfindən qəbul edilən ictimai xadimlər çıxış edirdilər. Onda tribunaya yaxınlaşıb sez demək çoxlarının ürəyindən keçsə də, hamı sərhəd gözləyirdi. Ancaq 1989-cu ilin noyabrında olan mitinqlərin birində N. Pənahov bəyan etdi ki, heç kəs tribunaya çıxmasın. Hamı aşağıda dayansın. Oradan camaat kimi məsləhət görsə, ona da söz veriləcək. Ondan sonra ziyalılar müşahidəçi mövqeyinə keçdi. Xalq Cəbhəsinin üzvləridə sonralar ziyalıları qınayırdılar ki, onlar xalqın taleyinə biganədirlər... Bu, əlbəttə, belə deyildi. Birdə ki, məncə, Siz ağsaqqallar o zaman özümüzünkülərin əli ilə hərəkatdan uzaqlaşdırılmasaydınız, yəqin ki, hadisələr bu yöndə inkişaf etməzdi. Çünki, ziyalılar çəkiləndən sonra hadisələr bir növ “piyadaların əli ilə” idarə edilə bilməyib, öz axarını dəyişdi.

- Bilirsən, ay oğul, o zaman bizi incitdilər. Pisikdirəndən sonra da qınadılar ki, kənarda durursunuz. O zaman mənim 63 yaşım vardı. Mən gedib kimisə itələyəsi deyildim ki, mənə söz ver.

Əslində N. Pənahov mənə və mənim yaradıcılığımdakı milli təəssübkeşliyə həmişə hörmət eləyib. İndi də hörmət eləyir. Bununla bərabər o zaman biz ziyalılar onu da hiss edirdik ki, bizim meydanda tez-tez görünməyimiz çoxlarını narahat edirdi.

O zaman İ. Şıxlı da, mən də Xalq Cəbhəsinin Ağsaqqallar Şurasının üzvü idik. Cəbhənin tədbirlərində fəal iştirak edirdik. Ancaq hiss edirdik ki, üzümüzə açıq deməsələr də, bizim oraya gəlməyimizi çoxları istəmir. Bir dəfə iclasda bir neçəsi nalayiq söyüşlərlə dalaşdı. Biz hər ikimiz müəllimik, belə şeyləri götürə bilməzdik. İsmayıl da ağır adamıdı. Dedi, Bəxtiyar, bura bizim yerimiz deyil. Dur gedək. Biz çıxanda dalımızca dedilər , hara gedirsiniz? Sonra da rişxənd etdilər ki, hə, gedin, kedin. İsmayıl qayıtdı ki, a bala, bir utanın, ağsaqqal var, qarasaqqal var, ayıbdı axı. Bu nə hərəkətdir. Biz belə yerdə otura bilmərik.

Ancaq yenə də deyirəm, ziyalılar heç vaxt xalq hərəkatından kənarda qalmayıb.