Milli faciənin ibrət dərsləri

“Respublika” qəzeti  19 yanvar 2002-ci il,  №15, S-3

Xalqımız ötən XX əsrdə çox fəlakətlərlə üzləşib. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ucbatından soydaşlarımız dəfələrlə öz dədə-baba yurdundan didərgin salınıb. Bu azmış kimi, keçən əsrin axırlarında daha bir faciənin qurbanı olduq. 1990-cı il 20 Yanvar hadisəsi Azərbaycan xalqı və millətinin qan yaddaşından heç zaman silinməyəcək.

O illər respublikada gedən azadlıq hərəkatı dağılmaqda olan sovet imperiyasını bərk təşvişə salmışdı. İmperiya buxovlarını qırmağa çalışan, müstəqilliyə can atan Azərbaycan xalqının bu istəyinin qarşısını almaq üçün keçmiş SSRİ rəhbərləri hər cinayətə hazır idilər. Həmin o müdhiş gecə sovet ordusunun hərbi hissələri Bakıda dəhşətli qırğın törətdi. Tankların və zirehli maşınların qabağına çıxan yüzlərlə günahsız insan qanına qəltan edildi.

20 Yanvar qətliamından 12 il keçir. Buna baxmayaraq, cinayətin əsas səbəbkarları hələ də məsuliyyətə cəlb olunmayıb. Ümumiyyətlə, faciənin qarşısını almaq mümkün idimi? Müxbirlərimiz bu sualla o dövrdə xalq hərəkatının fəal iştirakçıları olmuş şəxslərə müraciət ediblər.

Mübariz Qurbanlı, YAP İcra katibinin müavini, millət vəkili:

- 20 Yanvar faciəsindən ötən on iki il ərzində bu dəhşətli hadisə ilə bağlı bir çox fikirlər səslənib və faciənin hüquqi-siyasi qiyməti verilib. Lakin bu faciəni törədənləri hələ də məsuliyyətə cəlb etmək mümkün olmayıb. 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarları haqqında 1994-cü ildə MM-də Heydər Əliyevin təşəbbüsü ilə geniş müzakirələr keçirilibdir. Müzakirələrin nəticəsi olaraq Milli Məclis bununla bağlı qərar qəbul edib. Həmin qərarda 20 Yanvar faciəsinə gətirib çıxaran proseslər və bu qətliamda hüquqi, mənəvi, siyasi məsuliyyəti olan şəxslər konkret şəkildə ictimaiyyətə çatdırılıb.

20 Yanvar faciəsi və onun başvermə səbəbləri haqqında bir daha fikir söyləmək lazım gəlirsə, yenidən həmin hadisələrə qayıtmalı olacağıq. 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı olan ərazi iddiaları zorakı müstəviyə keçdi və Sovet imperiyası bu bədnam niyyəti açıq şəkildə müdafiə etməyə başladı. Ermənistanın qəsbkarlıq niyyətləri M.Qorbaçov başda olmaqla ən yuxarı dairələrdə himayə edilirdi. Ərazilərimizə uzanan düşmən əllərə biganəlik nümayiş etdirən o vaxtkı respublika rəhbərliyinin əksinə olaraq, xalq yekdil formada ölkənin ərazi bütövlüyünü qorumaq uğrunda mübarizəyə qalxdı. Təsadüfi deyil ki, xalq o dövrün partiya rəhbərlərinə manqurt deyərək lənətləyirdilər.

Ölkə rəhbərlərinin mövqeyinin milli mənafedən uzaq olması xalqın milli liderə olan ehtiyacını kəskin şəkildə üzə çıxarırdı. Həmin dövrdə Moskvada yaşayan Heydər Əliyev Azərbaycanda baş verən hadisələrə biganə qalmasa da, bu proseslərə birbaşa müdaxilə edə bilmirdi.

Hələ 20 Yanvar faciəsinə qədər Sumqayıtda baş verən qanlı hadisələri və yanvar ayının 13-14-də Bakıda təşkil olunan talanların sifarişçilərinin kimlər olduğu hamıya aydındır. Bütün bunlardan əsas məqsəd, Azərbaycan haqqında dünyada mənfi imic yaratmaq və başlanmış azadlıq hərəkatını qan dəryasında boğmaq idi. Bununla belə imperiyapərəst respublika rəhbərləri milli mənafeyi qrup maraqlarından üstün tuta bilsəydilər mərkəzin məkrli planının qarşısını almaq mümkün olardı. Eyni zamanda xalq hərəkatı liderliyinə gəlib çıxmış bir sıra şəxslər təcrübəsiz və naşı olduqlarından, məsuliyyəti dərk etmədiklərindən Azərbaycan üçün qurulmuş toru görə bilmədilər.

Əlbəttə, 20 Yanvar faciəsində itirdiklərimizlə yanaşı, bu faciə xalqımızın tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi yazılmışdır. Silahlı ordu qarşısında əliyalın dayanan insanlar respublikamızın ərazi bütövlüyünün, suverenliyinin müdafiəçiləri kimi meydanlara çıxmışdılar Həmin müdhiş gecə tökülən şəhid qanları azadlıq hərəkatına təkan verdi və müstəqillik uğrunda milli azadlıq hərəkatının yeni vüsət alması ilə nəticələndi.

Həmin dövrdə xalqın milli liderə kəskin ehtiyacı vardı. Yaranmış vəziyyətdən ancaq düşünülmüş və manevrli siyasətlə çıxmaq olardı. Belə bir siyasətçi və lider Heydər Əliyev isə o zaman Moskvada təcrid olunmuş vəziyyətdə yaşayırdı. Sovet rejimi tərəfindən faktiki təqiblərə məruz qalmasına baxmayaraq Heydər Əliyev 20 Yanvar faciəsindən dərhal sonra Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək, törədilmiş qanlı qırğına qarşı öz etiraz səsini ucaldaraq faciənin mahiyyətini dünyaya çatdırdı.

20 Yanvar xalqımızın faciəvi qəhrəmanlıq tarixidir və biz tarixin bu dərsindən nəticə çıxarmalıyıq. Milli faciənin ibrət dərsləri bundan ibarətdir ki, biz xəyanətkarları və siyasi cəhətdən naşıları dövlət sükanına, siyasət meydanına buraxmamalıyıq.

20 Yanvar şəhidlərinin istək və arzularının bir qismi həyata keçsə də, hələlik, təəssüf ki, ərazi bütövlüyümüzü bərpa edə bilməmişik. Hesab edirəm ki, qüdrətli, bütöv Azərbaycan dövlətinin tam formalaşdırılmasına nail olduqdan sonra bütün şəhidlərimizin, o cümlədən 20 Yanvar şəhidlərinin ruhu qarşısında başımızı dik tuta biləcəyik.

Abutalıb Səmədov, Millət vəkili, ANAP-ın sədri:

- Ötən əsrin 80-ci illərinin sonlarından etibarən başlayan mürəkkəb ictimai-siyasi proseslər göstərirdi ki, artıq imperiya dağılmaq ərəfəsindədir. İttifaq rəhbərliyində olanların bəziləri milli respublikalarda SSRİ-yə qarşı nifrət yaratmaq məqsədilə belə qırğınların törədilməsində maraqlı idilər. Buna görə də bir çox yerlərdə ordu ilə xalq üz-üzə qoyulmuşdu. Sadəcə olaraq həmin dövrdə Azərbaycanda xalq hərəkatına rəhbərlik edənlər qızışmış emosiyaları düzgün istiqamətləndirməli, qırğına başlamağa səbəb axtaran quduz orduya bəhanə verməməliydilər. Bunun üçün isə hərəkat rəhbərlərinin təmkinli olmaları və baş verənləri düzgün qiymətləndir-mələri vacib idi. Əfsuslar olsun ki, onlar bunu nəinki bacarmadılar, əksinə, öz çıxışlarıyla qarşıdurmanı daha da gücləndirdilər.

Eyni zamanda, xalq hərəkatının önündə olan qüvvələr artıq siyasiləşmiş və müəyyən qruplara bölünmüşdülər. Ona görə də baş verənlərin məsuliyyətini heç bir qrupun hiss etmədiyi özünü göstərirdi. Xalqın inanıb qabağa çıxardığı insanları yalnız hakimiyyəti ələ keçirmək və kimin hansı vəzifəni tutacağı maraqlandırırdı. O dövrdə xalqın etimad göstərdiyi şəxslərin belə şərəfsiz oyunlara girişərək öz maraqlarını təmin etmək üçün bir-biri ilə mübarizəyə başlaması son nəticədə 20 Yanvar faciəsilə sonuclandı.

Baş verən qanlı hadisələrdən sonra xalq hərəkatına rəhbərlik edənlərin çoxu qaçıb gizləndi və insanlarda ümidsizlik hissi yarandı. Belə bir vaxtda müdrik siyasətçi Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək imperiya ordusunun vəhşiliyini pisləyən, ittifaq rəhbərliyini Azərbaycan xalqına qarşı cinayət törətməkdə ittiham edən nitq söyləməsi informasiya blokadasına alınmış Azərbaycan üçün böyük mənəvi dayaq oldu. Xalq hiss etdi ki, dağılmaqda olan imperiyadan, onun yerli çinovniklərindən, qaniçən ordusundan qorxmaq lazım deyil. Xalq imperiyanın paytaxtı Moskvada Heydər Əliyevin belə bir cəsarət nümayiş etdirməsindən nümunə götürərək mübarizəni davam etdirməyə başladı.

20 Yanvar faciəsindən sonra hakimiyyətə, gələn A. Mütəllibov və AXC iqtidarı dövründə, təbii olaraq, həmin hadisələr araşdırılmadı və öz siyasi qiymətini almadı. Çünki hər iki hakimiyyətdə təmsil olunanların bu faciədə müəyyən günahları vardı. Təsadüfi deyil ki, Heydər Əliyev hələ Naxçıvan Ali Məclisinin sədri olarkən 20 Yanvar faciəsi orada araşdırılmış və müvafiq qərar qəbul edilmişdi. Bunun davamı olaraq 1994-cü ildə MM-də 20 Yanvar hadisələri ilə bağlı müzakirələrin aparılması, günahkarların üzə çıxarılması yönündə atılan addımlar möhtərəm Heydər Əliyevin tarix qarşısında göstərdiyi müstəsna xidmətidir. Bütün bunların sayəsində xalqımız və dünya ictimaiyyəti əsl həqiqətdən xəbərdar oldu və bu faciəyə hüquqi-siyasi baxımdan qiymət verildi.

Araz Əlizadə, ASDP-nin həmsədri:

- Bəli, 20 Yanvar faciəsinin qarşısını almaq olardı! Əgər AXC-nin o zamankı rəhbərliyi hadisələri düzgün analiz etsəydi və siyasi cəhətdən kor olmasaydılar. Yadınıza salmaq istəyirəm ki, yanvarın 6-da Xalq Cəbhəsinin konfransı keçirildi. Orada AXC idarə heyətinin üzvü Zərdüşt Əlizadə çıxış edərək dedi ki, siz xalqı qırğına aparırsınız. Nə qədər gec deyil, dayanmaq lazımdır. Amma ona qulaq asmadılar. Zənnimcə, AXC rəhbərliyini ordu ilə qarşıdurmaya Dövlət Təhlükəsizlik Komitəsi təhrik etdi.

Biz (Zərdüşt və Araz Əlizadə qardaşları -red.) onlara xəbərdarlıq edirdik ki, paytaxta ordu yeridiləcək, qan töküləcək. Əksəriyyət isə tamamilə başqa mövqedə idi. Onların zənnincə Tbilisi hadisələrindən sonra bu ordu xalqa silah qaldıra bilməz. Yəni AXC-nin başında dayanan şəxslər mövcud vəziyyəti dərk etmək qabiliyyətinə malik deyildilər. Bəziləri isə bilərəkdən belə bir təxribata gedirdilər. Həmçinin qeyd edim ki, əsas məqsəd Azərbaycanda hakimiyyəti dəyişmək idi. Amma onsuz da, Əbdürrəhman Vəzirovun məsələsi həll olunmuşdu. Buna görə xalqı qırğına vermək lazım deyildi.

Onu da deyim ki, Moskvadan gələn rəsmilər Rəhim Qazıyev, Etibar Məmmədov, Əbülfəz Əliyev, Nemət Pənahovla görüşərkən Bakıya ordu yeridiləcəyini bildirmişdilər. Xəbərdarlıq edərək demişdilər ki, camaatı küçələrdən yığışdırın. Lakin AXC bunu etmədi.

O vaxt İsa Qəmbərova dedik ki, gəlin gedib camaatı barrikadalardan çıxaraq. Onun isə cavabı bu oldu ki, qarşıda 25-30 illik siyasi həyatım var. Mən öz karyeramı riskə qoya bilmərəm. Yəni AXC idarə heyətinin üzvləri şan-şöhrət və karyera naminə xalqı güdaza verməyə hazır idilər. Onlar faktiki olaraq keşiş Qapon rolunu oynadılar.

Fikrimcə, Azərbaycan xalqının tarixində qanlı səhifəyə çevrilmiş bu dəhşətli faciə hələ də tam qiymətini almayıb. Hadisələrin günahkarları axıradək aşkar olunmayıb.

Yeri gəlmişkən, sonradan Azərbaycanda hakimiyyətə gələn AXC rəhbərləri bir illik fəaliyyəti dövründə ölkədə xaos və anarxiya yaratmışdılar. Özləri-özlərini ifşa edərək nadanlıqlarını boyunlarına alacaqdılar? Xatirinizdədirsə, həmin illər AXC liderlərinin əleyhinə söz deyənlərə DTK agenti damğası vururdular. Onlar hakimiyyətdə olarkən dedi ki, gəlin DTK arxivlərini açaq və xalq kimin-kim olduğunu bilsin. Lakin bildiyiniz kimi, AXC hakimiyyəti bundan boyun qaçırdı...

Söhbəti yazdı:

Ramiz QULİYEV, Bəşarət MƏMMƏDLİ